Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

TVİNNİNQ LAYİHƏSİ

Haqqında
Haqqında

TVİNNİNQ LAYİHƏSİ HAQQINDA

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq Layihəsi Avropa İttifaqının Üzv Dövləti kimi İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi və layihənin benefisiarı olan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyini bir araya gətirir. 

Təşəbbüsün əsas məqsədi Azərbaycanın mədəniyyət sektorunda siyasət və idarə olunma sisteminin modernləşməsinə, daha effektiv və aktual modelə çevrilməsinə töhvə verməkdir. Layihə mədəni irs tələbatlarına xüsusi diqqət ayırmaqla (o cümlədən, maddi və qeyri-maddi mədəni irs, muzeylər və kitabxanalar), eləcə də müvafiq Avropa təcrübəsi və nümunələrini uyğunlaşdırmaqla mədəniyyət sektorunun daha strateji idarəetmə modelinə keçməsində Mədəniyyət və Turizm Nazirliyini dəstəkləyəcək. 

Layihənin fəaliyyətləri iki əsas komponentə bölünür: 

Komponent 1:  Mədəniyyət sektorunun siyasəti və idarə olunması üzrə islahatlar

Məqsəd Azərbaycanın mədəniyyət sektorunda yeni idarəetmə sistemini inkişaf etdirməkdir. Mövcud vəziyyəti təhlil edib yeni idarəetmə modeli yaratmaqla, hüquqi bazada düzəlişlər aparmaqla məqsədə nail olunacaqdır. Layihədə nazirliyin, regional ofislərin, idarəetmədə, koordinasiyada, şəbəkələşmədə və rəqəmsallaşdırmada maraqlı olan tərəflərin imkanlarının inkişafı da təbliğ olunacaqdır.

Komponent 2:  Mədəni irsin idarə olunmasının institusional inkişafı

Məqsəd milli mədəni irsin idarə edilməsi üçün (o cümlədən, maddi və qeyri-maddi irs, muzeylər, kitabxanalar) effektiv modelin hazırlanmasında benefisiar ölkəyə yardım etmək və inkişaf etdirilmiş mədəni irsin mühafizəsi, qorunması və təbliği üçün aktual iş planını təqdim etməkdir.

Bunun üçün müvafiq sahədə Azərbaycan Respublikasının mövcud qanunvericiliyi təhlil olunacaq, islahatlarla bağlı əsas ehtiyaclar müəyyənləşdiriləcək və maraqlı tərəflər ilə müzakirə ediləcəkdir.

2016-cı ilin fevral ayının 8-də başlayan Tvinninq layihəsi 2018-ci ilin aprel ayının 7-də yekunlaşacaqdır (26 ay)