Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

TVİNNİNQ LAYİHƏSİ

Tədbirlər
Tədbirlər

Muzey kolleksiyalarının mühafizəsi: Pinakoteka Brera Qalereyasında dəzgah rəssamlığı əsərlərinin konservasiyası

12.06.2017 - 16.06.2017

Təlim haqqında məlumat
Təlim kursu taxta lövhələr və kətan parça üzərində çəkilmiş rəsm əsərlərinin qorunub saxlanması ilə əlaqədar mühüm məsələləri işıqlandırmışdır. Pinakoteka Brera Qalereyasının təcrübəsinə əsaslanaraq əsərlərin nümayiş şəraiti, saxlanması və konservasiya laboratoriya fəaliyyətləri izah edilmişdir. İş materialları və rəssamlıq texnikaları, həmçinin iqlim şəraiti ilə bağlı olaraq rəsm əsərlərinin məhv olması və bəzi konservasiya tədbirləri texnikalarından bəhs edilmişdir. Bütün bu mövzular Rafael, Tisian, Covanni Bellini kimi İtaliya İntibah dövrünün böyük rəssamlarının yaratdığı şedevrlər üzərində aparılmış əhəmiyyətli bərpa fəaliyyətlərinə aid bəzi praktiki nümunələr vasitəsilə şərh edilmişdir. Bu təlim kursu 3 may 2017-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyi və Pinakoteka Brera Qalereyası arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində keçirilmişdir.

Təlimçi
Cənab Andrea Karini

Rəsm əsərlərinin konservasiyası üzrə mütəxəssis və eyni zamanda İtaliyanın Milan şəhərində Pinakoteka Brera Qalereyasında konservasiya bölməsinin rəhbəridir. Urbino şəhərində İncəsənət Akademiyasında təsviri sənət üzrə magistr dərəcəsini aldıqdan sonra, Romada İtaliyanın Mədəni İrs və Fəaliyyətlər Nazirliyinin Konservasiya və Bərpa İnstitutunda konservasiya kursunu və aspiranturanı bitirmişdir.

 

Onun fəaliyyəti əsasən Cotto Di Bondone, Andrea Mantenya, Covanni Bellini, Rafael, Tisian, Françesko Ayes və Pino Paskalinin əsərləri daxil olmaqla qədim rəsm əsərlərinin bərpası işlərinə həsr olunmuşdur. Bir tədqiqatçı kimi o, xüsusilə incəsənət materiallarını və texnikalarını, qabaqcıl multispektral çəkilişlər və spektroskopiyanın tətbiqi məsələlərini tədqiq etmişdir və bu tədqiqatların nəticələri dərc olunmuş və elmi tədbirlərdə təqdim edilmişdir. O, Milan İncəsənət Akademiyası, Limada (Peru) Yaçey Vasi İnstitutu və Romada Konservasiya və Bərpa İnstitutu kimi bir sıra təhsil müəssisələrində bərpa metodologiyaları və texnikalarından dərs demişdir.